Cümə axşamı, 09 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Sudabatmaz” nazirin varidatı... 

Meliorasiya və Su Təsərrüfatı ASC-nin rəhbəri vəzifəsindən azad edilmiş Əhməd Əhmədzadənin varidatı barədə sosial şəbəkədə və bəzi mətbuat orqanlarında yayılmış məlumatlar bir çoxlarına heyrətamiz görünə, inandırıcı gəlməyə bilər.

Ancaq ölkənin Azərbaycan olduğunu unutmayan, məmurların tamahkarlıqlarından və əsas prinsiplərindən xəbərdar olan heç kəs varidat siyahısına şübhə etmir.

Belə şeylərdə uydurma ola bilməz. Bu şirkətlərin, otel və restoranların, digər ticarət, xidmət, iaşə, istehsalat obyektlərinin hamısının bir yerlərdə qeydiyyatı var və onların kimə məxsus olduğunun haqq-hesabını dəqiqiliklə aparan strukturlar mövcuddur. O siyahılar diz üstündə tərtib olunmur, ciddi sənədlərə dayanır.

Əhmədzadənin 75 yaşı var və o 33 yaşından mühüm dövlət vəzifələrində işləyir – tam 43 ildir. 1978-ci ildə o, Abşeron boyda (o vaxt indiki Xızı rayonu da Abşeronun tərkibindəydi) rayonun icraiyyə komitəsinin sədri olub. Daha sonra, 1980-ci ildən 87-ci ilə qədər Füzuli rayonuna başçılıq edib – rayon partiya komitəsinin birinci katibi olaraq. Sonra o, Şəmkirə, Şəkiyə və Qubaya rəhbərlik edib. O vaxt bu rayonlar ölkənin “varlı rayonları” sayılırdı.

Daha sonra Əhmədzadə Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsinin sədri vəzifəsinə gəlib, arada kənd təsərrüfatı nazirinin birinci müavini olub, sonra rəhbərliyindən yenicə azad olunduğu ASC-yə başçı gəlib və 28 il boyunca bu Cəmiyyətin “suyunu içib”.

Ona görə də 43 ilin vəzifə adamının min hektarlarla torpaq sahələrinin, dünyanın bir çox ölkələrində (İngiltərə, Kipr, Türkiyə, Çexiya, İsveçrə) bir neçə milyonluq villalarının, şirkətlərinin, sair daşınmaz əmlaklarının, öz ölkəmizdə çoxsaylı biznes obyektlərinin olması barədə yazılanları həqiqətə uyğun saymaq olar. Əksini iddia edənə gülərlər.

Əhmədzadəni 41 il əvvəldən tanıyan biri kimi deyə bilərəm ki, o, çox zirək, fərasətli, ciddi, həm də mütəhərrik kadrdır. O, ilk dəfə məsul dövlət vəzifəsinə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi mərhum Heydər Əliyevin vaxtında təyin edilsə də, sonradan Kamran Bağırovla da, Əbdürrəhman Vəzirovla da, Ayaz Mütəllibovla da, mərhum prezident Əbülfəz Elçibəylə də eyni uğurla işləyib. Dəyişən iqtidar komandalarının “kadr islahatları” onun karyerasına xətər toxundurmayıb. Hətta 6 illik fasilədən sonra dövlət işinə qayıdan, Azərbaycana yenidən başçılıq edən Heydər Əliyev bu “odda yanmaz, suda batmaz” kadrı yenidən nazir vəzifəsinə tən olan postda saxlayıb. Adam indiki prezident İlham Əliyevin dönəmində də 17 il eyni vəzifədə qalmağı bacarıb.

Hazırda isə onu, güman ki, yaşına görə vəzifədən götürüblər, çünki artıq 76-cı yaşını xırdalayır.
Yəqin ki, Əhmədzadə bu yaşda vəzifədən götürülməsindən incik deyil, hələlik onun varidatına toxunan yoxdur, müxtəlif yüksək vəzifələrə yerləşdirdiyi qohum-qardaşlarının karyerasına da bu tezlikdə təhlükə gözlənilmir.

Keçmiş ASC sədrinin adına yazılan “varidat siyahısı”na baxırsan və insan oğlunun tamahının sonsuzluğuna bir daha əmin olursan.

Bu, elə bir varidatdır ki, min il səxavətlə xərcləsən tükənməz. Məgər insan min il yaşaya bilir? Təbii ki, yox.

Bəs bu qədər varidat toplamaq nə üçündür? Yəqin ki, gələcək nəsillər, 100-150 il sonrakı züryətlər üçün.

Ancaq bu varidat necə toplanır, kimlərin cibindən, çıxarılır? Əlbəttə ki, xalqın, dövlətin.

Böyük kapitallar haqqında məşhur bir deyim var: istənilən sərvətin ilk 1 milyonu, mayası oğurluq və talançılıq nəticəsində əldə olunur. Sonrakı milyonlar uğurlu biznes fəaliyyəti nəticəsində qazanıla bilər.

Bu qədər varlı, bol sərvətli, hər cür təbii resursu olan ölkənin əhalisinin güzəranının lazımi səviyyədə olmamasının günahı məhz vəzifəsindən sui-istifadə edən rəhbər şəxslərin qısa müddətdə talançılıq yoluyla milyonçu və milyarder olması üzündəndir.

Son iki ildə ard-arda həbsə alınan vəzifəli şəxslərin malik olduqları varidatın miqyası göstərir ki, onların əsas məqsədi heç də dövlətə, xalqa qulluq etmək olmayıb, əsasən varlanmaq olub və bu istiqamətdə bütün güclərini sərf ediblər.

Ən pisi odur ki, bu şəxslərin təkcə özləri yox, qohum-əqrəbaları da dövləti və xalqı soymaqla məşğul olublar.

Azərbaycan dövləti bu kimi acgöz və tamahkar adamların yırtıcı xisləti qarşısında dözüb-dayanıbsa, demək, güclüdür. Bunlar tropik sularda üzən, 3 dəqiqənin içində bir inəyin quruca skeletini saxlayan piraniya balıqları kimidir, bunlarla çətindir. “Bal tutanın barmaq yalamasına” dözümlü yanaşan xalqımız belələrinə təhəmmül edə bilmir artıq.(musavat.com) 

pia.az 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

“Erməni dəyirmanı” ilə bağlı faş olan həqiqət

Yeni erməni bayatısı: ‘‘Yaddan çıxmaz Qars, Naxçıvan...’’

Ən çox oxunanalar